MƏDƏNİYYƏT


Qahirənin İslam İncəsənəti Muzeyində nadir eksponatlar nümayiş etdirilir

Qahirə, 9 sentyabr, AZƏRTAC

Sivilizasiyanın beşiyi hesab edilən Misirdə qorunub saxlanılan zəngin tarixi-mədəni irs nümunələri dünyanın bütün ölkələrindən turistləri cəlb edir.

AZƏRTAC növbəti fotoreportajında Qahirədə yerləşən və dünyanda İslam tarixinə aid ən çox eksponatların olduğu İslam İncəsənəti Muzeyindən bəhs edir.

Unikal eksponatların nümayiş etdirildiyi İslam İncəsənəti Muzeyindəki 25 zalda 100 mindən çox artifakt mövcuddur. Burada Fatimilər xilafəti, Osmanlı imperiyası, Məmlüklər, Qacarlar, Üməyyad xəlifələri və Məhəmməd Əli sülaləsi dövrlərinə aid nadir incəsənət nümunələri saxlanılır. Burada Qacar xanədanı qurmuş Ağa Məhəmməd Şah Qacarın dövrünə aid artifaktlar da var. Məlumdur ki, Qacarlar Avropa mədəniyyətinə xüsusi diqqət yetiriblər və ondan bəhrələniblər. Xüsusən sarayların tikintisində və bəzədilməsində Avropa memarlıq üslubları və rəngkarlıq ənənələrindən istifadə olunub. Qahirədəki muzeydə isə həmin dövrə aid laklanmış qələmlər, bəzəkli metal, keramika və zərgərlik məmulatları, xalça nümayiş etdirilir. Ağa Məhəmməd Şahın dövrünə aid, üzərində qızıl suyu ilə naxışlar işlənmiş mis kuzə ən qiymətli sənət nümunələrindən biridir.

1880-ci ildə Osmanlı canişini İsmayıl Paşa tərəfindən əsası qoyulan muzeydə bütün ərəb və İslam ölkələrindən gətirilmiş nadir eksponatların arasında VIII əsrə aid müqəddəs Quran nüsxəsi, Məhəmməd Əlinin hökmranlığı illərində hazırlanmış və üzərində gümüş naxışlar olan taxta qapı, qızıl sikkələr də var.

2014-cü ildə törədilmiş terror aktı nəticəsində partladılan muzey binası və eksponatlar xeyli zərər görüb. İslam İncəsənəti Muzeyi bərpa olunaraq üç ildən sonra – 2017-ci ildə təkrar açılıb. Həmin terror aktı nəticəsində 179 qiymətli artifakt məhv edilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.