DÜNYA


Qahirənin tarixi hissəsindən nazirliklər və dövlət qurumları köçürüləcək

Qahirə, 20 avqust, AZƏRTAC

Gələn il Misirin bütün nazirlikləri və dövlət qurumları Qahirənin tarixi hissəsindən köçürüləcək.

AZƏRTAC “Al Youm as-Sabia” nəşrinə istinadla xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi hökumət başçısına tapşırıq verib.

Ölkənin Baş Naziri Mustafa Madbuli bildirib ki, Qahirə əvvəlki tarixi, mədəni, turistik və arxeoloji rolunu bərpa etməlidir. Misir paytaxtının tarixi mərkəzinin inkişafından danışan hökumət başçısı qeyd edib ki, bu layihə çərçivəsində əsas diqqət meqapolisin mərkəzində yerləşən, tarixi və memarlıq dəyəri olan “Təhrir” meydanının yenidən qurulmasına yönələcək. Bu məqsədlə gələn il meydanın yaxınlığında yerləşən bütün nazirliklərin və qurumların hazırda Qahirədən bir qədər kənarda inşa edilən yeni inzibati paytaxta köçürülməsi planlaşdırılır. Bu baxımdan artıq birinci addım atılıb və bu yayda “Təhrir” meydanının yaxınlığında illər boyu yerləşən Daxili İşlər Nazirliyinin pasport-viza xidməti artıq paytaxtın digər rayonuna köçürülüb. Nazirliyin iri monumental binası isə yenidənqurma işlərinin aparılmasından sonra otel kimi fəaliyyət göstərəcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.