REGİONLAR
Qalaaltı və Çıraqqala kəndləri yaxınlığında meşəlik ərazidə baş vermiş yanğınlar söndürülüb VİDEO
Kənd sakinlərinə və təsərrüfatlara ziyan dəyməyib
Şabran, 30 iyul, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəlik ərazidə baş vermiş yanğınlar söndürülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə hazırda yanğın baş verən ərazidə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Mirağa Bayramov məlumat verib.
M.Bayramov bildirib ki, mürəkkəb relyefli yüksək dağ massivində baş verən yanğın iyulun 29-u gecə saatlarında tam söndürülüb. Hazırda bəzi ərazilərdə tüstülənmə davam etsə də, açıq alov müşahidə olunmur. Ərazidə yanğın ocaqlarının yenidən alovlanmaması üçün yanğınsöndürən briqadalar növbə çəkirlər.
“Səhər saat 5-dən başlayaraq yenidən güclü külək əsməyə başlayıb. Yanğın baş vermiş ərazilərdə hər an yenidən alovlanma ola bilər. Bunun baş verməməsi üçün müvafiq tədbirlər həyata keçiririk. Vəziyyət tam nəzarətdədir” - deyə Mirağa Bayramov bildirib.
Qalaaltı və Çıraqqala kəndlərinin yaxınlığında meşəlik ərazidə baş vermiş yanğınların söndürülməsinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və aviasiya dəstəsinin qüvvələri cəlb olunmuşdu.
Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev deyib ki, yanğın zamanı yaxınlıqdakı yaşayış məntəqələri və istirahət obyektləri üçün təhlükə yaranmayıb. Alovun yaşayış məntəqələrinə və istirahət mərkəzlərinə doğru hərəkətinin qarşısı tam alınıb.
“Biz ötən gün gecə saatlarınadək müvafiq qurumların nümayəndələri ilə birlikdə yanğın baş verən ərazidəyik. Yanğın söndürüldü. İndi FHN-in əməkdaşları yanğının yenidən alovlanmaması üçün tədbirlər görürlər. Kənd sakinlərinə və təsərrüfatlara ziyan dəyməyib” - deyə F.Nuşiyev bildirib.
Hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və aviasiya dəstəsinin qüvvələri Siyəzən rayonu ərazisində baş verən digər meşə yanğınlarının söndürülməsinə cəlb olunub.