ELM VƏ TƏHSİL
Qalaktikaların kəşfi kainatda zamana görə baş verən dəyişikliklərin tədqiqində mühüm rol oynayıb
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Bakı bölməsində növbəti astroseminar keçirilib.
ŞAR-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rəsədxana direktorunun elmi işlər üzrə müavini Elçin Babayev astroseminar haqqında məlumat verib.
Rəsədxananın qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin böyük elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İzzət Salmanov “Qalaktikalar haqqında ekspress informasiya” mövzusunda məruzə ilə çıxış edib.
Bildirilib ki, ABŞ-ın Karnegi Elm İnstitutunun bir qrup tanınmış aliminin birgə tədqiqatlarının nəticəsində kainatda, bizdən 13 milyard işıq ili məsafədə ən uzaq kvazar aşkarlanıb. Onun mərkəzindəki qara dəliyin kütləsi ifrat dərəcədə çox - 8108 G.k qədərdir və belə obyektin əmələ gəlməsi müasir kosmoqonik nöqteyi-nəzərdən çox tezdir.
Rəsədxananın qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Nazim Hüseynov “Qalaktikalar” mövzusunda məruzəsində qeyd edib ki, qalaktikaların kəşfi kainatda zamana görə baş verən dəyişikliklərin tədqiqində və kainatın yaranması haqqında yeni elmi dünyagörüşün formalaşmasında mühüm rol oynayıb.
N.Hüseynov qalaktikaların spektrində müşahidə olunan qırmızı sürüşmə haqqında da ətraflı məlumat verib. Qalaktikaların spektrində qırmızı sürüşmənin və ardınca qalaktikaların bir-birindən uzaqlaşmasının ümumi qanununun kəşfi kainatın genişlənən olmasını göstərib. Bu kəşf yaranan və məhv olan dünyalar haqqında təsəvvürün formalaşmasına, ümumən kosmologiya elminə böyük töhfələr verib.