SİYASƏT


“Qalib Ordunun əsgəri olmaq böyük şərəfdir!” adlı tədbir keçirilib

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələn vəzifələr ölkəmizdə uğurla həyata keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Vətən qarşısında müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmətləri yüksək qiymətləndirilir, onlar təntənəli şəkildə yola salınır və Vətənə, xalqa, dövlətə layiq, mənəvi və fiziki cəhətdən sağlam oğullar kimi mülki həyata inteqrasiya olunurlar.

Hazırda respublikanın şəhər və rayonlarının çağırış məntəqələrində qələbəlikdir. Valideynlər övladlarını fərəhlə, qürur hissi ilə hərbi xidmətə yola salır, gənclər isə onların ümidlərini doğruldacaqlarına and içərək böyük həvəslə hərbi xidmətə yollanılar.

Azərbaycan Ordusunun bütün hərbi hissələrində gənc əsgərləri qəbul etmək üçün hər cür şərait yaradılıb. Onlar “Qələbə marşı”nın sədaları altında qarşılanır, ilk gündən Vətən müharibəsinin iştirakçısı olan hərbi qulluqçuların diqqət və qayğısı ilə əhatə olunur, ordu həyatına alışır, gənc əsgərlər üçün təşkil edilən təlim və məşğələlərdə fəal iştirak edirlər.

Gənc əsgərlərin mənəvi-psixoloji hazırlığına, mədəni asudə vaxtının səmərəli təşkilinə də ciddi fikir verilir və bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir.

“N” saylı hərbi hissədə “Qalib Ordunun əsgəri olmaq böyük şərəfdir!” devizi altında keçirilən tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani gənc əsgərləri salamlayaraq onların qalib ordunun sıralarında Vətənə sədaqətlə xidmət edəcəklərinə əminliyini bildirib.

Qeyd edilib ki, bu yaxınlarda yaradılmasının 103-cü ildönümünü qeyd edən Azərbaycan Ordusu tarixinin ən şərəfli günlərini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə xalqımızın birliyini, həmrəyliyini dünyaya nümayiş etdirməklə yanaşı, həm də ordumuzun gücünü, nüfuzunu daha da artırdı. Hər bir Azərbaycan vətəndaşı qalib bir ölkənin vətəndaşı olmaqdan, hər bir əsgər isə qalib Azərbaycan Ordusunun döyüşçüsü olmaqdan böyük qürur duyur.

Diqqətə çatdırılıb ki, Ordumuzun şəxsi heyətinin əksəriyyəti gənclərdir və ordu gəncləri böyük qüvvədir. Onlar döyüş meydanlarında öz fədakarlıqları, igidlik və şücaətləri ilə bir daha sübut etdilər ki, Azərbaycan gəncləri yenilməzdir, mübarizdir, qorxmazdır və Vətənə, dövlətə, öz Ali Baş Komandanına sadiqdir. Onlar vətənpərvərdirlər, ata-babaların, əcdadların qəhrəmanlıq ənənələrini layiqincə davam etdirirlər.

Çıxış edən gənc əsgərlər qalib Ordunun ilk döyüşçüləri olmaqdan böyük qürur duyduqlarını bildirib, Vətən müharibəsində qanları ilə Zəfər dastanı yazan şəhid oğullarımızın yarımçıq ömürlərini də öz ömürlərinə qataraq Ordumuzun qəhrəmanlıq salnaməsinə daha parlaq və yaddaqalan səhifələr yazacaqlarına söz veriblər.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin təqdim etdiyi “Qalib Ordunun əsgəri olmaq böyük şərəfdir!” ədəbi-bədii kompozisiya gənc əsgərlər tərəfindən böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.