REGİONLAR
“Qalib liderin qələbə yolu - Şuşa ucalığı” mövzusunda videokonfrans keçirilib
Zərdab, 28 yanvar, AZƏRTAC
Şuşanın qısa müddətdə işğaldan azad edilməsi Silahlı Qüvvələrimizin böyük peşəkarlığından, əsgər və zabitlərimizin tükənməz milli ruhundan xəbər verir. Şuşa artıq mədəniyyət paytaxtı elan edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərləri bu yerlərdə yeni həyatın başlanmasından xəbər verir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Qalib liderin qələbə yolu - Şuşa ucalığı” mövzusundakı videokonfransda səsləndirilib.
Videokonfransda Milli Məclisin deputatı Elnur Allahverdiyev, regional mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri və əməkdaşları, eləcə də Ağdaş, Astara, Xaçmaz, Hacıqabul, Yevlax, Qazax, Tovuz, Kürdəmir, Samux, Ucar, Göyçay rayon Heydər Əliyev mərkəzlərinin direktorları iştirak ediblər.
Mövzu ilə əlaqədar Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, deputat Elnur Allahverdiyev və başqaları çıxış edərək, Şuşanın mədəni və tarixi abidələri barədə məlumat verib. Qeyd olunub ki, dövlətimizin səyi ilə 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin ilkin siyahısına daxil edilən maddi-memarlıq qoruğuna sahib olan Şuşa şəhəri bu gün öz dirçəlişinə mədəniyyət paytaxtı kimi başlayıb.
Çıxışlarda vurğulanıb ki, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi onun mədəni həyatının qısa müddətdə bərpasına, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcəyinə, həmi də Qarabağın bütün mədəniyyət nümunələrinin dirçəldilməsinə və dünyaya bir daha “Qarabağ Azərbaycandır!” anlamını çatdırmağa imkan verəcək.
Əminliklə bildirilib ki, ərazi bütövlüyünü bərpa edən, tarixi torpaqlarında üçrəngli bayrağını ucaldan qüdrətli Azərbaycan bu böyük qələbədən sonra daha da inkişaf edəcək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə xalqımız daha xoş sabahlara, daha gözəl gələcəyə qovuşacaq.