REGİONLAR
Qalib ordumuzun Vətən müharibəsindəki taktikası dünya ölkələri tərəfindən öyrənilir
Gəncə, 25 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov əsası Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, ordu quruculuğu ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olub. Belə ki, Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verib, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb.
Rektor qeyd edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü Vətən müharibəsində bir daha ortaya qoydu. Müzəffər Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusu tarixi qələbə ilə Azərbaycan tarixində yeni səhifə açdılar. Qalib ordumuzun Vətən müharibəsindəki taktikası dünya ölkələri tərəfindən öyrənilir.
Polkovnik Şair Ramaldanov tədbirdə Silahlı Qüvvələrimizin gücü, Vətən müharibəsində seçilən düzgün taktika, eyni zamanda, hərbi arsenalda olan müasir texnikalar haqqında məlumat verib.
Tədbirdə çıxış edən ADAU-nun İctimai elmlər və Multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov Prezident İlham Əliyev tərəfindən Qalib ordunun hərbçilərinin orden və medallarla təltif edilməsini dövlətin və Ali Baş Komandanın Silahlı Qüvvələrə diqqət və qayğısının nümunəsi kimi dəyərləndirib.
ADAU-nun Daxili nəzarət şöbəsinin sədri, Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda medalla təltif edilmiş Namiq Cəfərov, Aqrar sahənin iqtisadiyyatı kafedrasının baş müəllimi, Vətən müharibəsi iştirakçısı Fariz Süleymanov, Vətən müharibəsində 4 medalla təltif olunmuş ADAU-nun əməkdaşı Asif Hacızadə keçdikləri döyüş yolu haqqında danışıblar.
Sonda tələbələr çıxış edərək Silahlı Qüvvələr Günü ilə bağlı fikirlərini bölüşüblər.