MƏDƏNİYYƏT


“Qalibiyyətin səkkiz anı” kitabının təqdimat mərasimi olub

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Azərbaycanda Atatürk Mərkəzində Vətən müharibəsi iştirakçısı, III qrup Qarabağ əlili Qazi Həşim Mədətovun “Qalibiyyətin səkkiz anı” adlı kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, yeni nəşr “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin maliyyə dəstəyi ilə çap olunub. Kitabın məsləhətçisi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar mədəniyyət işçisi Fəxriyyə Xələfovadır.

Təqdimat mərasimində şair-publisist Nəsibə İsrafilqızı çıxış edərək bildirib ki, kitab Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda igidliklə döyüşən, bu yolda canından, qanından keçən övladlarımızın qəhrəmanlığına həsr edilib.

Nəşrin müəllifi Həşim Mədətov kitabı yazmaqda məqsədinin gördüyü, şahidi olduğu real hadisələri vərəqə köçürərək əbədiləşdirmək olduğunu diqqətə çatdırıb. “Hadisələr, əsasən 2020-ci il sentyabrın 21-dən oktyabrın 4-dək baş verənləri əhatə edir. Ümumilikdə, kitabda 44 günlük şanlı Zəfərimizdən bəhs olunur”, - deyə müəllif qeyd edib.

Fəxriyyə Xələfova vurğulayıb ki, Vətən müharibəsinin ikinci ilinin tamam olmasına az müddət qalmasına baxmayaraq, bu gün də qalibiyyətimiz, Zəfərimiz, bu Zəfərin qazanılmasında fədakarlıq göstərən Vətən oğulları və qızlarımız haqqında mövzular aktuallıq kəsb edir: “Çünki bu qalibiyyəti gözləyən Azərbaycan xalqının sevinci hələ çox illər bundan sonra da davam edəcək və bu sevinc və qürur hissi davam etdikcə, bu mövzulara müraciət bitməyəcək. Vətən müharibəsi qəhrəmanları haqqında kitablar yazılacaq, dərsliklər çap olunacaq, mahnılar və biri-birindən gözəl bəstələr ərsəyə gələcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin vaxtında verdiyi dəqiq və düzgün qərar xalqımıza Zəfər sevincini yaşatdı. Hər bir Azərbaycan vətəndaşı Müzəffər Ali Baş Komandanımızla, eləcə də vətənimizin azadlığı uğrunda canından, qanından keçən qəhrəmanımızla fəxr edir. Onlar milli kimliyimizi, qürurumuzu özümüzə qaytardılar. Dünya bizim birliyimizə, qəhrəmanlığımıza şahid oldu”.

Kitab haqqında fikirlərini bölüşən F.Xələfova daha sonra deyib: “Kitab o qədər emosional ruhda yazılıb ki, oxucu özünü müharibənin ən qaynar nöqtəsində hiss edir. Kitabın daha bir orijinallığı müəllifinin tarixçi olmasıdır. Qazimiz döyüş zamanı şahidi olduğu hadisələri tarix boyu xalqımızın başına gətirilən müsibətlərlə, faciələrlə müqayisə edir. Bu müharibələr zamanı xalqımız, millətimiz nə qədər əzab-əziyyət çəksə də, sonda haqq savaşında qalib gəlib”.

“Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva vətənpərvərlik mövzusunda nəşr olunan kitabların vacibliyini vurğulayıb. O qeyd edib ki, bu kitablar gənc nəslə zəngin milli və mənəvi dəyərlərimizin aşılanmasında mühüm rol oynayır.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini Vahid Abdurəhmanov, Birliyin Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynov, yazıçı-publisist Oktay Əliyev və digər çıxışçılar kitab haqqında fikirlərini bölüşüblər.

Sonra fəxri fərman və mükafatlar təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.