İQTİSADİYYAT


Qalmaz yeraltı qaz anbarında yeni kompressor stansiyası istismara verilib

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Qalmaz yeraltı qaz anbarının qaz həcminin 1 milyard kubmetrdən 1,5 milyard kubmetrə çatdırılması məqsədilə inşa edilmiş 3 saylı yeni kompressor stansiyası istismara verilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, gündəlik məhsuldarlığı 3 milyon kubmetr həcmində olan yeni kompressor stansiyası Qalmaz yeraltı qaz anbarının sutkalıq məhsuldarlığını 30 faiz artıraraq 10 milyon kubmetrdən 13 milyon kubmetrə çatdıracaq. Anbara əlavə qaz həcmlərinin vurulması təbii qaza olan tələbatın kəskin artdığı qış aylarında tədarük edilmiş qaz həcmlərinin daha böyük həcmdə çıxarılması və istehlakçılara çatdırılması üçün şərait yaradır.

Yeni stansiya SOCAR-ın “Nefqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilib, inşası “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilib. Layihəyə əsasən, stansiya həm bir pilləli, həm də iki pilləli rejimdə işləyəcək.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Yeraltı qaz anbarlarını genişləndirməkdə əsas məqsədimiz ölkənin artan daxili tələbatını təmin etmək, istehlakçılara təbii qazı maksimum sürət və səmərə ilə çatdırmaqdır. Biz yay aylarında yeraltı qaz anbarlarına təbii qazı tədarük edir, qış aylarında isə tələbat artdıqca anbarlardan çıxarıb istehlakçılara çatdırırıq. Yeni kompressor stansiyası vasitəsi ilə təbii qaz anbara daha böyük həcmlərdə vurulacaq, abonentlərə daha çox mavi yanacaq çatdırılacaq”.

Qalmaz yeraltı qaz anbarı 1975-ci ildə “Qalmaz” neft-qaz yatağının şimal-qərb hissəsində yaradılıb. “Qalmaz” yatağı Aşağı Kür çökəkliyinin şimal-şərq hissəsində Bakı şəhərindən 75 kilometr cənub-qərbdə yerləşir. Sahəsi 975 hektardır. Qalmaz yeraltı qaz anbarı məhsuldar qatın I, II, Abşeron və Ağcagil horizontlarında yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.