ELM VƏ TƏHSİL
“Qalxan və qılınc” sənədli filmi BSU-da nümayiş olunub
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Bakı Slavyan Universitetində “Qalxan və qılınc” sənədli filminə həsr olunmuş tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a verilən məlumata görə, universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova bildirib ki, “Qalxan və qılınc” sənədli filmi sovet hökuməti dövründə ölkəmizin təhlükəsizlik xidmətlərinə rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin erməni təxribatının qarşısının alınmasında və cinayətkarların cəzalandırılmasında fəaliyyəti ilə bağlı hadisələri özündə əks etdirir. X.Sultanova Azərbaycan kinosunun 120 illiyi ilə əlaqədar BSU-da dörd gün fərqli mövzularda çəkilmiş sənədli filmlərin təqdim olunacağını diqqətə çatdırıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək film haqqında ətraflı məlumat verib. O, filmin kinopublisistik janrda çəkildiyini deyib. Bildirib ki, faktlar əsasında ekranlaşdırılan “Qalxan və qılınc” filminin mərkəzində ümummilli lider Heydər Əliyevin siyasəti, onun erməni daşnaklarına qarşı apardığı uğurlu mübarizə dayanır.
Filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov çıxışında ekran əsərinin gənc nəsil üçün əhəmiyyətindən söz açıb. O söyləyib ki, bu ekran əsəri ulu öndər Heydər Əliyevin xalq və Vətən qarşısında xidmətlərini ictimaiyyətə təqdim etmək baxımından önəmlidir. Filmin XX əsrin 60-cı illərində Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı olduğunu deyən rejissor bildirib ki, bu əsər Azərbaycanın düşmənlərinə verilən ən kəsərli və layiqli cavabdır.
Sonra ekran əsəri geniş auditoriya qarşısında nümayiş etdirilib.