MƏDƏNİYYƏT


“Qalxan və qılınc” sənədli filminin təqdimatı olub

Bakı, 14 iyun, Ceyhun Alışlı, AZƏRTAC

İyunun 14-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə “Qalxan və qılınc” sənədli filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilmiş film sovet hökuməti dövründə ölkəmizin təhlükəsizlik xidmətlərinə rəhbərlik etmiş Ulu Öndərin bilavasitə səyi nəticəsində xalqımıza qarşı erməni təxribatının qarşısının alınması və cinayətkarların cəzalandırılması ilə bağlı hadisələri özündə əks etdirir.

Filmin təqdimatından öncə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev çıxış edərək film haqqında məlumat verib. O deyib ki, “Qılınc və qalxan” son illər ərzində C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təqdim etdiyi ən uğurlu layihələrdən biridir: “Filmin rejissoru Etibar Məmmədovun yaradıcılığında demək olar ki, Dağlıq Qarabağ mövzusu aparıcı mövzulardandır. Onun ekranlaşdırdığı filmlər daha maraqlı və daha təsirlidir. Bu film sırf kinopublisistik janrında ekranlaşdırılan filmdir. Filmin mərkəzində ümummilli liderimiz Heydər Əliyevin siyasəti, onun erməni daşnaklarına qarşı apardığı uğurlu mübarizə dayanır. Ekran əsərindən məlum olur ki, Ulu Öndər ermənilərin məkrli siyasətini bilirdi və bu hücumlara qarşı mübarizə aparırdı. “Qılınc və qalxan” faktlar əsasında ekranlaşdırılıb. Bu film Azərbaycanın əleyhinə çəkilən filmlərə ən kəsərli cavabdır”.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov filmin əhəmiyyətindən söz açıb. O söyləyib ki, bu ekran əsəri ulu öndər Heydər Əliyevin ölkəmiz üçün etdiklərini ictimaiyyətə təqdim etmək baxımından önəmlidir. Bu ekran əsəri 1966-cı ildə Dağlıq Qarabağda baş verən hadisələrlə bağlıdır. Bu dövrlərdə ermənilər ölkəmizə qarşı əks hücumda olublar, ümummilli lider Heydər Əliyev bütün bunlara qarşı hər zaman mübarizə aparıb, əlindən gələni edib.

Sonra ekran əsəri təqdim olunub.

Dövlət sifarişi ilə ekranlaşdırılan filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, operatoru Ramin Şahbazov, montaj rejissoru Coşqun Zahidov, səs rejissoru Nurani İsgəndərov, icraçı prodüseri Orxan Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.