REGİONLAR
“Qan verək ki, can verək” - növbəti qanvermə aksiyası
Naxçıvan, 19 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarını davam etdirir.
Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti aksiyalardan biri “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin aparat və idarə işçilərinin iştirakı ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində keçirilib.
Əvvəlcə qan bankının həkimi Məmmədəli Həsənov çıxış edərək, ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə reallaşdırılan layihələrdən danışıb.
Sonra “Qan verək ki, can verək” devizi altında keçirilən növbəti qanvermə aksiyasına start verilib. Əvvəlcə donorlardan hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. Donorlardan götürülən 16 litr qanın qrupları müəyyənləşdirilərək ikili və üçlü torbalarda mərkəzin qan bankına təhvil verilib.
Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaq.