İDMAN
Qana yığmasının futbolçuları meydana çıxmaq üçün üç milyon dollar tələb etmişlər
Bakı, 25 iyun (AZƏRTAC). Futbol üzrə Qana yığmasının futbolçuları mükafatlarını almasalar, dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Portuqaliya komandası ilə matçı boykot edəcəkləri ilə hədələmişlər. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, onların şərtlərini matç başlanana qədər yerinə yetirəcəklərini vəd etmişlər.
Qana KİV-lərinin yazdığına görə, ölkə hökuməti futbolçulara ödəmək üçün iyunun 25-də çarter reysi ilə nağd üç milyon dollar göndərmişdir.
İTAR-TASS agentliyinin yaydığı məlumata görə, futbolçular iki saat müddətinə oteldəki otaqlarına çəkilərək, onlara çatacaq mükafatı almayacaqları təqdirdə Portuqaliya yığması ilə oynamaq üçün Braziliaya uçmayacaqları ilə hədələmişlər. Maliyyə məsələsinin iyunun 26-da Portuqaliya yığması ilə görüşdən sonra yoluna qoyulacağı barədə vədlər heç bir nəticə verməmişdir.
İlk iki turda amerikalılara (1:2) uduzmuş, almanlarla isə heç-heçə (2:2) oynamış Qana yığmasının qrupdan çıxması üçün nəzəri şansı vardır. Bunun üçün o, nəinki Portuqaliya yığmasına qalib gəlməlidir, həm də amerikalıların böyük hesabla almanlara uduzmalarına ümid bəsləməlidir.
Bu, dünya çempionatında Afrika komandasına vəd olunan mükafatla bağlı ilk qalmaqal deyildir. Kamerun yığmasının futbolçuları hələ turnirdən əvvəl bütün bonuslarını irəlicədən almadan Braziliyaya uçmaqdan imtina etmişdilər. Nəticədə yığma mundiala nəzərdə tutulduğundan bir gün gec qatılmışdır.