ELM VƏ TƏHSİL
“Qandi” kitabı Azərbaycan dilində nəşr olunub
Bakı, 28 iyun, AZƏRTAC
Tarix, menecment və biznesin idarə edilməsi barədə bestsellerlər müəllifi kimi tanınan amerikalı tədqiqatçı-alim Alan Akselrodun “Qandi” kitabı Azərbaycan dilində çapdan çıxıb. Kitabı Azərbaycan dilinə Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev tərcümə edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, kitabda Hindistan milli azadlıq hərəkatı rəhbərlərindən biri olan Mahatma Qandinin rəhbərlik təcrübəsi tədqiq olunub. Nəşrdə liderlərə tabeliklərində olanları idarə etmək, uğurlu islahatlar aparmaq və yüksək nəticələr qazanmaq üçün faydalı ola biləcək 100 dərs yer alıb. Həmçinin liderlərə istiqamət verən və onları uğur qazanmağa ilhamlandıran 14 qanundan bəhs edilib.
Nəşr A.Akselrodun professor Həmid Vəliyevin tərcüməsində Azərbaycan oxucusuna çatdırılan ikinci kitabıdır.
Qeyd edək ki, A.Akselrod qeyd edilən mövzuya dair 80 kitabın müəllifidir.