CƏMİYYƏT
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi azalıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara çaylarında 20-60, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 88 kubmetr olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 45 kubmetr təşkil etməklə ongünlük normanın 37 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində doqquz santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 68 kubmetr olmaqla ongünlük normanın 94 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 10,5 kubmetr təşkil edərək ongünlük normanın 14 faizinə bərabər olub.
Sentyabrın 3-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə edilib. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Bankədə 5, Şirvanda 6 santimetr artım qeydə alınıb. Lakin Salyan və Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 329 (2017-ci il sentyabrın 3-də 331 sm), Şirvanda 179 (2017-ci il sentyabrın 3-də 205 sm), Salyanda 103 (2017-ci il sentyabrın 3-də 144 sm), Bankədə 177 (2017-ci il sentyabrın 3-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 36 santimetrə (2017-ci il sentyabrın 3-də 50 sm) bərabərdir.