QAN YADDAŞI
Qanlı Yanvar insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır
Tərtər, 17 yanvar, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə silsilə tədbirlər davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir" və "20 Yanvar və Heydər Əliyev təəssübkeşliyi” adlı növbəti tədbirlərdə Tərtər şəhərinin ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusubova çıxış edərək, məktəblilərə xalqımızın azadlıq mübarizəsindən, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakı şəhərində törətdikləri faciədən geniş bəhs edib. Bildirib ki, bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət, əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.
Diqqətə çatdırılıb ki, bu faciəyə hüquqi-siyasi qiymət yalnız ümummilli lider Heydər Əliyev tərəfindən verilib və dünya ictimaiyyətinə əsl həqiqətlərin çatdırılması istiqamətində real addımlar atılıb. Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulmasını, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən videoçarx və ədəbi-bədii kompozisiya nümayiş olunub.