ELM VƏ TƏHSİL
Qanlı Yanvar xalqımızın qəlbində əbədi yaşayacaq
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə giriş sözü ilə çıxış edən rektor Cəfər Cəfərov Qanlı Yanvar hadisələrinin başvermə səbəblərindən və acı nəticələrindən danışıb. O qeyd edib ki, 20 Yanvar hadisələri illər, əsrlər ötsə də, xalqımızın qəlbində əbədi yaşayacaq. Hər il yüz minlərlə insan Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək üçün 20 Yanvar qurbanlarının dəfn olunduğu Şəhidlər xiyabanını ziyarət edir. Bizim əksəriyyətimiz 20 Yanvar hadisələrinin canlı şahidləriyik. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Bu faciəyə ilk siyasi-hüquqi qiyməti ulu öndər Heydər Əliyev verib, SSRİ hakimiyyətinin cinayətkar əməllərini ifşa edib. Həmçinin Ümummilli Lider Qanlı Yanvar hadisələrinə etiraz olaraq, Kommunist Partiyasının üzvlüyündən imtina edib, ən ağır günlərində xalqımızın müdafiəsində durub. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu.
Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini uca tutur. Prezident İlham Əliyevin müstəqil və balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycanın güclü iqtisadiyyatı və ordusu var. Biz ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə dəstək verməli, öz sahəmizdə layiqincə fəaliyyət göstərməliyik.
Tədbirdə çıxış edən professor Xəqani Məmmədov, “20 Yanvar” Cəmiyyətinin nümayəndəsi Cavid Abdullayev Qanlı Yanvar hadisələrini xalqımızın faciə və qəhrəmanlıq günü kimi səciyyələndiriblər.
Sonda 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.