CƏMİYYƏT


Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinə nəzarət gücləndirilib

Bakı, 7 yanvar, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçə və yol kənarlarında qanunsuz ət satışı məqsədilə heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini gücləndirib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək bir sıra qanunsuz heyvan kəsimi məntəqələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlər keçirilib. Reydlər zamanı qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları sökülüb.

Aparılan monitorinqlər zamanı məlum olub ki, hələ də standartlara cavab verməyən yerlərdə heyvan kəsimi və ət satışı məntəqələri fəaliyyət göstərir. Qanunsuz heyvan kəsimi ilə məşğul olan kəsim məntəqələrinin daha çox paytaxtın Nizami, Binəqədi və Yasamal rayonlarında olduğu müşahidə edilib. Bu məqsədlə Nizami rayonunda keçirilən reyd zamanı 40-a yaxın qanunsuz fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqəsinin fəaliyyətinə baxış keçirilib və qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görülüb.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə, qanunsuz fəaliyyət göstərməməyə çağırır və sahibkarlara müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etməyi tövsiyə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.