CƏMİYYƏT
Qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektinin fəaliyyətinə məhdudlaşdırıcı tədbirlər tətbiq edilib
Bakı, 25 aprel, AZƏRTAC
Bir neçə gün əvvəl bəzi sosial şəbəkələrdə Bakının Nərimanov rayonunda Ağa Nemətulla küçəsində yerləşən “Kafe Park” restoranında pişiyin aparata asılan əti yeməsini əks etdirən görüntülər yayılıb. Fakt sosial şəbəkələrdən götürülərək Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırılıb.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, araşdırmalar zamanı həmin ictimai-iaşə obyektinə baxış keçirilərkən kafenin həyətində yüngül metal konstruksiyadan tikilmiş dönərbişirmə sahəsi və 40 nəfər üçün nəzərdə tutulmuş yeməkxananın və emal sahəsinin texniki-normativ sənədlərin tələblərinə cavab vermədiyi məlum olub.
Baxış zamanı ictimai-iaşə müəssisəsində müxtəlif növ un məmulatlarının hazırlanmasında istifadə olunan xammalın saxlanma şəraiti və emalının normativ qaydalara uyğun gəlmədiyi və sanitar-gigiyenik qaydaların tələblərinə cavab vermədiyi təsdiq edilib.
Bütün bunları nəzərə alaraq qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektinin fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərar verilib. Sahibkar qanun pozuntularının aradan qaldırılması üçün yerinə yetirməli olduğu konkret tədbirlər barədə məlumatlandırılıb.