SİYASƏT
Qanunsuz məskunlaşdırma Ermənistanın məkrli planının növbəti mərhələsidir
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycanın ərazilərini işğal etməklə beynəlxalq hüququn normalarını pozan təcavüzkar Ermənistan hökuməti məkrli siyasətindən əl çəkmir. Beyrut şəhərində baş verən partlayışdan sonra bu ölkədəki faciədən öz mənfur məqsədləri üçün istifadə edən işğalçı Ermənistan Livan ermənilərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri olan, hazırda hərbi işğal altındakı Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürmək planlarını reallaşdırmağa başlayıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Naqif Həmzəyev qeyd edib ki, son günlər sosial şəbəkələrdə təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında qeyri-qanuni məskunlaşdırma siyasətinin davam etdirildiyini nümayiş etdirən videogörüntülər qeyri-qanuni məskunlaşdırma siyasətini təsdiqləyir.
İşğalçı Ermənistan illərdir azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparır, təcavüzkar hökumətin silahlı qüvvələrinin bölmələri hər gün atəşkəs rejimini pozur, iriçaplı pulemyotlardan və snayper tüfənglərindən ölkəmizin ərazisini müxtəlif istiqamətlərdən atəşə tutur. Belə olan halda, Dağlıq Qarabağda Livan ermənilərinin qanunsuz məkunlaşdırma siyasəti təcavüzkar Ermənistan hökumətinin rəhbərliyinin həm iqtisadi, həm də hərbi cəhətdən onlardan üstün olan Azərbaycan dövlətinə qarşı hazırlanan məkrli planın növbəti mərhələsi kimi qiymətləndirilməlidir.
2016-cı ilin Aprel döyüşləri, həm də bu ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlər zamanı işğalçı Ermənistan ölkəmizin gücünün, xalqımızın birliyinin şahidi oldu. Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətdən narahat olan Ermənistan hökuməti işğalçılıq siyasətini davam etdirmək üçün gecə-gündüz yollar axtarır. Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardımın göstərilməsi ilə məşğul olarkən işğalçı Ermənistan hökuməti yenə də öz çirkin məqsədlərini həyata keçirmək üçün tam səfərbər oldu. Azərbaycanın əzəli-əbədi torpaqlarında ermənilərin sayını süni şəkildə artırmaqla ərazilərin etnik-mədəni xüsusiyyətlərini dəyişdirmək kimi niyyəti işğalçı Ermənistanın faşizm ideologiyasına kökləndiyinin bariz göstəricisidir.
Heç kəsə sirr deyil ki, işğalçı Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları avantürüst siyasətinin qurbanına çevirəcək, onlardan silahlı muzdlular kimi də istifadə edəcək. Beynəlxalq təşkilatlar, xüsusilə də münaqişənin sülh yolu ilə həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən işğalçı Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə kəskin münasibət göstərilməməsi təəssüf doğurur. Azərbaycanın tarixi torpaqlarında işğalçı Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətini həyata keçirməsi ciddi nəticələrə, müharibə vəziyyətinin yenidən alovlanmasına gətirib çıxara bilər.
Yağlı vədlərə aldanaraq Azərbaycanın işğal edilmiş torpaqlarına köçürülən xarici vətəndaşlar Ermənistanın işğalçılıq siyasətinin nəticə verməyəcəyini görməli və bilməlidirlər ki, Azərbaycanın işğal altında olan əraziləri tezliklə azad ediləcək, o torpaqların əsl sahibləri əzəli-əbədi yurdlarına qayıdacaqlar.