CƏMİYYƏT
Qanunsuz olaraq psixotrop tərkibli dərmanlar satan Ağdaş sakini saxlanılıb
Bakı, 6 aprel, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin, eləcə də güclü təsiredici xüsusiyyətə malik dərman preparatlarının qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Ağdaş rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini 38 yaşlı Alim Quliyev rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun başqa bir şəxsə psixotrop tərkibli iki ədəd “Tramadol” həbini satmaq istədiyi müəyyən olunub.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq A.Quliyevin yaşadığı evə baxış keçirilib. Baxış zamanı evdən 12,26 qram qurudulmuş marixuana, 360 ədəd “Tramadol” və 12 ədəd “Pregabalin” adlı güclü təsiredici xüsusiyyətə malik dərmanlar aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.