CƏMİYYƏT
Qanunsuz ov edən şəxslər 22300 manat cərimələnib
Bakı, 2 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrda ölkə ərazisində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 35 vətəndaş saxlanılaraq onlardan 34 ov tüfəngi, 105 patron, 3 ədəd quş və 1 baş heyvan götürülüb.
Qanun pozucuları barəsində protokollar tərtib edilərək 22 nəfərə 22300 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, digər 13 nəfərin isə şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.