REGİONLAR
Qanunsuz ovla məşğul olanlar saxlanılıb
Masallı, 20 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Təzəkənd kəndi ərazisində müvafiq icazəsi olmadan qanunsuz ov edən Astara rayonunun Pensər kənd sakinləri X.Əliyev, R.Şükürov və V.Ağayev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılanlardan qanunsuz olaraq ovladıqları 15 ədəd çöl quşu, R.Şükürovdan isə müvafiq sənədləri olmayan 1 ədəd “Tulka” markalı ov tüfəngi aşkarlanıb.
Qanunsuz ov edənlərin hər üçü barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq, baxılması üçün Rayon Məhkəməsinə göndərilib.