CƏMİYYƏT
Qanunsuz ovlanan çöl quşlarını kənd toyuğu adı altında satmaq istəyən şəxs saxlanılıb VİDEO
Bakı, 18 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ov mövsümünün başlanması ilə əlaqədar respublikanın su hövzələrində brakonyerliyə, balıq və çöl quşlarının qanunsuz ovlanması, satılması, həmçinin digər hüquq pozuntularının qarşısının alınması məqsədilə növbəti uğurlu əməliyyat-profilaktiki tədbir həyata keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarənin əməkdaşları daxil olan məlumat əsasında Saatlı rayonunda keçirdikləri əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin 194-cü (Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma) maddəsi ilə məhkum olunmuş Sabirabad rayon sakini Nəvai Novruzovu saxlayıblar. Onun idarə etdiyi “Qaz-33021” markalı yük avtomobilinə baxış zamanı qanunsuz ovlanan 251 qaşqaldaq və 4 çöl ördəyi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı məlum olub ki, N.Novruzovun ov etmək üçün müvafiq dövlət qurumları tərəfindən verilən xüsusi lisenziyası yoxdur.
Saxlanılan şəxs ifadəsində çöl quşlarını paytaxtda və bölgələrdə kənd toyuğu, eləcə də kəklik quşu adı altında satmaq məqsədilə ovladığını bildirib.
Faktla bağlı DİN-in Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir.