CƏMİYYƏT
Qanunsuz ovlanan heyvanlara görə cərimə məbləğləri açıqlanıb
Bakı, 27 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda qanunsuz ovlanan heyvanlara görə cərimə məbləğlərini açıqlayıb.
Nazirliyin sektor müdiri Arzu Səmədova AZƏRTAC-a bildirib ki, qanunvericiliyə görə, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, qadağan edilmiş alət və üsullarla ovetmə 1000 manatdan 2000 manatadək cərimə və ya 1 ilədək islah işləri, yaxud 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qanunvericiliyə görə qanunsuz ovla bağlı cərimələrin miqdarı ovlanan heyvanlara görə dəyişir. Məsələn, bir baş bəbir üçün cərimə məbləği 3300, bir baş ceyran ovlamaq 550, bir baş qonur ayı üçün 440, bir baş şahin quşu üçün 1100, bir baş bəzgək üçün 330, bir baş dovdaq üçün 550, bir baş turac üçün 330, bir baş qu quşu üçün isə 550 manatdır.
Sadalanan heyvan növləri dövlət təbiət qoruqları ərazisində və ya milli parkların xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonalarında qanunsuz olaraq məhv və ya əldə edilərsə, təbiətə dəymiş ziyana görə ödəmələr hər heyvan növü üçün təyin olunmuş məbləğ 3 qat hesablanır. Belə ki, həmin ərazilərdə bir baş bəbir qanunsuz ovlanarsa 9900 manat, ceyran üçün 1650 manat, qonur ayı üçün 1320 manat, şahin quşu üçün 3300 manat, bəzgək üçün 990 manat, dovdaq üçün 1650 manat, turac üçün 990 manat, qu quşu üçün isə 1650 manat cərimə tətbiq edilir.