İQTİSADİYYAT
Qanunsuz parklanmaya nəzarət xüsusi kameralarla təchiz olunan avtomobillərlə də aparılacaq
Bakı, 15 yanvar, AZƏRTAC
Paytaxtın küçə və prospektlərində qanunsuz parklanma hallarına nəzarətin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir. Bu çərçivədə nəzarət tədbirləri xüsusi kameralarla təchiz olunan avtomobillərlə də aparılacaq.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, qanunsuz parklanma hallarının daha dəqiq qeydə alınması və operativliyin artırılmasına imkan verən avtomobillər fasiləsiz nəzarəti həyata keçirmək baxımdan əhəmiyyətlidir. Avtomobilin hərəkət trayektoriyasındakı yollarda dayanma və durma qaydalarının pozulması faktları aşkar edildikdə həmin hallar videoçəkilişlə qeydə alınacaq. Avtomobildə olan əməkdaş isə istifadəsində olan bort-kompüter vasitəsilə dayanma və durma qaydalarını pozan sürücü barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edə biləcək. Bununla da əməkdaşın sürücülərlə hər hansı ünsiyyəti olmadan, xidməti avtomobilləri dayandırmadan qanunsuz parklanma hallarına daha geniş sahədə və daha səmərəli nəzarət mümkün olacaq.
Agentliyin başlıca məqsədi paytaxtın küçə və prospektlərində fasiləsiz və təhlükəsiz hərəkətin, əhalinin zəruri mobilliyinin təmin etməkdir. Bunu nəzərə alaraq, bu avtomobillərlə mobil nəzarət tədbirləri tıxac və sıxlığın daha çox müşahidə edildiyi yol sahələrində, xüsusən də, avtobus dayanacaqlarının zəbt edildiyi yerlərdə həyata keçiriləcək.