Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir
AzerTAg.az
Bakı, 24 yanvar, AZƏRTAC
Daxili işlər orqanları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kotec qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Şiriyevdən nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng və 2 patron götürülüb.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum edilmiş N.Cəfərovda bir qumbara və nömrəsi silinmiş, qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng aşkarlanıb.
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şosesindən bir “F-1” və iki “RQD-5” qumbarası, 53 patron tapılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbərin mətnində orfoqrafik səhv var