CƏMİYYƏT
Qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində tədbirlər davam etdirilir
Bakı, 20 oktyabr, AZƏRTAC
Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Elnur Mirzəyevin “Daewoo” markalı avtomobilindən qundağı və lüləsi kəsilmiş “IJ-16” markalı tüfəng və dörd patron aşkarlanaraq götürülüb.
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini İntiqam Əzizovdan “BUM” markalı ov tüfəngi götürülüb.
Polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Maarif Mirzəyev nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 patron darağını və 5 patronu könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.
Faktlarla bağlı araşdırmalar aparılır.