CƏMİYYƏT
Qanunsuz yolla gətirilən tütün məmulatları və spirtli içkilər aşkarlanıb
Bakı, 3 aprel, AZƏRTAC
Qanunsuz yolla gətirilən tütün məmulatları və spirtli içkilər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus “Mercedes-Benz C 180” markalı minik avtomobili saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxışdan əvvəl qanunvericiliyə uyğun olaraq şifahi sorğu-sual edilən vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı minik avtomobilinin salonundakı qadın çantaları və pivə qutularının içərisində 8600 ədəd “Marlboro filter plus” markalı siqaret və 16 ədəd “Moskovskaya” markalı spirtli içki aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.