CƏMİYYƏT
Qanunsuz yolla ölkəyə gətirilən külli miqdarda xarici markalı siqaret aşkarlanıb
Bakı, 8 iyul, AZƏRTAC
Qanunsuz yolla ölkəyə gətirilən külli miqdarda xarici markalı siqaret aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xaçmaz Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Qusar rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı, Qusar rayonunun Kirig-Həzrə yolu istiqamətinə gedən, içərisində Azərbaycan Respublikası vətəndaşlarına məxsus mallar olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Toyota Rav 4” markalı nəqliyyat vasitəsi saxlanılaraq baxış keçirilməsi üçün Xaçmaz Gömrük İdarəsinə dəvət edilib. Xaçmaz Gömrük İdarəsində həmin nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı “Toyota Rav 4” markalı nəqliyyat vasitəsinin yük yerindən və salonunda olan qara rəngli polietilen paketlərdən, əl çantalarından və nəqliyyat vasitəsində olan “Bimax” markalı yuyucu toz qutularının içərisindən, ümumilikdə 102 min 680 ədəd “NZ Gold Compact” və 6000 ədəd “Marlboro” markalı siqaret və 20 min 880 ədəd “Belomorkanal” markalı papiros aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.