İQTİSADİYYAT
Qanunvericilikdə sahibkarlara vergi güzəştlərinin və tətillərinin verilməsi əsas prioritet kimi müəyyən olunub
Bakı, 17 mart, AZƏRTAC
Ölkə ərazisində koronavirus pandemiyasının davam etdiyi müddətdə zərər çəkmiş sahələrdə fəaliyyəti məhdudlaşmış sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin verilməsi məqsədilə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilib. Bu tədbirlər çərçivəsində sahibkarlara vergi güzəştlərinin və tətillərinin verilməsi əsas prioritet kimi müəyyən olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilir.
Qanunvericiliklə pandemiyanın bilavasitə təsir etdiyi bir çox fəaliyyət istiqamətləri üzrə vergiödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən məbləğin 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi, bir sıra vergi dərəcələrinin əhəmiyyətli dərəcədə endirilməsi, bəzi vergilərin ödənilmə müddətinin xeyli uzadılması, vergi və digər borclar üzrə faizlərin hesablanmasının təxirə salınması, habelə pandemiyanın mənfi təsir etdiyi mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi, digər vergilər üzrə vergi tətilinin verilməsi, sahibkarlıq subyektlərinə profilaktik tədbirlərə görə çəkilmiş xərclərin mahiyyəti nəzərə alınmadan gəlirdən çıxılması, eləcə də sığorta olunanlar üzrə məcburi dövlət sığorta haqqı dərəcələrinin hesablanmasında diferensial faiz əmsallarının tətbiq edilməsi və sair kimi böyük həcmli güzəştlər nəzərdə tutulub.