MƏDƏNİYYƏT
Qara Qarayevin 100 illiyinə həsr olunan gənc ifaçıların respublika müsabiqəsinə yekun vurulub
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilən simli, nəfəsli və zərb alətləri üzrə gənc ifaçıların respublika müsabiqəsinin yekun konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev çıxış edərək nazir Əbülfəs Qarayevin tədbir iştirakçılarına təbriklərini çatdırıb. Y.Əliyev bildirib ki, müsabiqə respublikada simli, nəfəsli və zərb alətləri üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaqların və gənclərin üzə çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının artırılmasına xidmət edir. Müsabiqənin qalibləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Nəzmiyyə Abbaszadənin sədrlik etdiyi tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Münsiflər heyətinin sədri Nəzmiyyə Abbaszadə müsabiqə haqqında məlumat verib. Qeyd edib ki, müsabiqənin I turu regional mədəniyyət idarələri üzrə yerlərdə, II turu Bakıda keçirilib. Üç yaş qrupunda (I qrup 9-11, II qrup 12-14, III qrup 15-17) simli (violin, viola, violonçel), nəfəsli (fleyta, klarnet, valtorna, truba) və zərb (ksilofon, vibrofon) alətləri üzrə keçirilən müsabiqədə respublikanın müxtəlif musiqi təhsili müəssisələrinin şagirdləri iştirak ediblər. Ümumilikdə 120-yə yaxın gənc ifaçının çıxışı qiymətləndirilib.
Münsiflər heyətinin qərarına əsasən, Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan şəhər, Bərdə, Quba, Qusar, Şamaxı rayon uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri müxtəlif dərəcəli diplomlara, hədiyyələrə və fəxri fərmanlara layiq görülüblər. Müsabiqədə müəllimlərin, konsertmeysterlərin də əməyi qiymətləndirilib və onlar fəxri fərmanlarla təltif olunublar.
Sonra müsabiqənin qalibləri mükafatlandırılıb.
Tədbir müsabiqə qaliblərinin ifasında musiqi nömrələrinin ifası ilə davam edib.