QAN YADDAŞI
Qara Yanvar gecəsinin şahidi: Qəhrəmanlıq salnaməmizi gələcək nəsillərə ötürməyə borcluyuq
Bakı, 20 yanvar, AZƏRTAC
Şəhidlik ən uca mərtəbədir. O mərtəbəyə yüksəlmək hər kəsə nəsib olmur. Lakin Azərbaycanda o zirvəni fəth etmiş minlərlə oğul və qızlarımız var. Onlar arasında 20 Yanvar faciəsi zamanı öz sinələrini düşmən gülləsinə, ağır texnikalara sipər edən qəhrəmanlar da yer alıb. Biz müstəqilliyimizi Qanlı Yanvar gecəsinin qəhrəmanlarına borcluyuq. Ona görə də şəhidlərimizi hər zaman yad etməli, onları unutmamalı və bu qəhrəmanlıq salnaməmizi, qan yaddaşımızı gələcək nəsillərə ötürməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şəhidlər xiyabanını ziyarətə gəlmiş paytaxt sakini Mehriban Hacıyeva deyib.
Paytaxt sakini həmin gecəni belə xatırlayır: “Qara Yanvar gecəsində tankların şəhərə necə girməsinin, güllələrin havada yağış kimi yağmasının şahidi olduq, hay-küy səsləri eşitdik. Səhəri gün isə çox dəhşətli mənzərə ilə qarşılaşdıq. Şəhərdə misli görünməmiş vəhşilik törədilmişdi. O gecə şəhid olanlar arasında yaxınlarımız da var idi”.
Müsahibimizin övladı Rəsul Nuriyev məktəbdə müəllimlərindən, evdə isə valideynlərindən 20 Yanvar faciəsi haqqında eşitdiyini, şəhidlərimizi heç zaman unutmayacağını və gələcəkdə vətənə sədaqətlə xidmət edəcəyini bildirib.