SİYASƏT
Qara dəniz və Cənubi Qafqaz regionlarında geosiyasət məsələləri Vaşinqtonda müzakirə edilib VİDEO
Vaşinqton, 28 aprel, AZƏRTAC
Vaşinqtondakı Karnegi Fondunda “Energetika məsələləri və Qara dəniz və Cənubi Qafqaz regionunda müasir geosiyasət” mövzusunda konfrans keçirilib. Ceymstaun Fondu tərəfindən təşkil edilən və üç paneldən ibarət olan konfransı giriş sözü ilə Ceymstaun Fondunun prezidenti Qlen Hovard açıb. O, Cənubi Qafqaz və Qara dəniz regionlarında vəziyyəti və bu il aprelin əvvəlində Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsini şərh edib. ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenter proqram xarakterli nitqlə çıxış edib.
Konfransın birinci panelində “Amerika Xarici Əlaqələr Şurası”nın böyük elmi işçisi Stiven Blank, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Mətyu Brayzə və Kral Beynəlxalq Münasibətlər İnstitutunun (Catem-Haus) nümayəndəsi Zaur Şiriyev çıxış ediblər. Cənubi Qafqaz ölkələri ilə Birləşmiş Ştatlar arasında ikitərəfli münasibətlərin spesifikası ətraflı müzakirə edilib, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycanın Dağlıq Qarabağ regionunda təmas xəttində erməni silahlı qüvvələrinin provokasiyası ilə bağlı məsələlərə toxunulub.
İkinci paneldə Avropa siyasəti Analitik Mərkəzinin böyük elmi işçisi Yanuş Buqayski, Yeni Liderlik İnstitutunun prezidenti Temuri Yakobaşvili və Ceymstaun Fondunun böyük elmi işçisi Vladimir Sokor çıxış ediblər. Müzakirələrin gedişində ekspertlər Dağlıq Qarabağ regionunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi və Ermənistanın siyasi kursuna təsir göstərən xarici qüvvələrin maraqları probleminə toxunublar. Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın beynəlxalq sərhədlərinin və ərazi bütövlüyünün pozulması, ərazi münaqişələrinin nizamlanması prosesləri də müzakirə edilib.
Konfransın sonuncu, üçüncü panelində Balkan, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə proqramların direktoru Marqarita Assenova, BP şirkətinin beynəlxalq münasibətlər şöbəsinin böyük direktoru Qreq Sanders, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Gülmirə Rzayeva və “IHS Country Risk Analysis” təşkilatının böyük analitiki Aleksandr Melikişvili çıxış ediblər. Ekspertlər auditoriyadakılara Azərbaycanın enerji siyasəti, Xəzər regionunun enerji ehtiyatlarının hasilatı və ixracı məsələlərində Amerika Birləşmiş Ştatlarının və Avropanın dəstəyi ilə Gürcüstan, Azərbaycan və Türkiyənin əməkdaşlığı, regional layihələrin vacibliyi və Cənubi Qafqaz dəhlizində mürəkkəb boru kəmərləri tikintisində, habelə bütövlükdə Avropanın enerji təhlükəsizliyində irəliləyiş barədə məlumat veriblər. Konfransda enerji təhlükəsizliyi və terrorizmə qarşı mübarizədə əməkdaşlıq məsələlərində Azərbaycanın mühüm rolu qeyd edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton