REGİONLAR
Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının yığma komandası Gürcüstanda ilk qələbəsini qazanıb
Xırdalan, 5 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Avqustun 5-də Gürcüstanın Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Tbilisidə əlil veteran futbolçular arasında ölkə daxili çempionat keçirilib. Azərbaycan Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının yığma komandası da təşkilatçıların dəvəti ilə yarışda iştirak edir.
İdman tədbirinə qatılan federasiyanın sədri Rövşən Quliyev AZƏRTAC-a bildirib ki, artıq çempionata start verilib. Tbilisinin mərkəzindəki “İmedi” stadionunda reallaşan matçdan əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilib.
“Bizim futbolçular çempionatın ilk oyununda qonşu dövlətin “Gori Kartli” komandası ilə qarşılaşıb. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən matçda təmsilçilərimiz 1:0 hesabı ilə meydan sahiblərini məğlub edib”, - deyə R. Quliyev söyləyib.
R. Quliyev, həmçinin çempionatın açılışında Azərbaycan Müdafiə Nazirliyinin Gürcüstandakı hərbi attaşesinin, səfirlik əməkdaşlarının, eləcə də Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələrinin də iştirak etdiyini bildirib.