CƏMİYYƏT


“Qarabağ” Azərbaycan Milli Geyim kolleksiyasından nümunələr Sofiyada nümayiş olunub VİDEO

Sofiya, 1 dekabr, AZƏRTAC

Azərbaycanın məşhur dizayneri Gülnarə Xəlilovanın “Qarabağ” Azərbaycan Milli Geyim kolleksiyasından nümunələr Sofiyada təşkil olunan beynəlxalq dəfilədə nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Bolqarıstandakı səfirliyi və bolqarıstanlı rəssam Petya İlievanın birgə təşkilatçılığı, həmçinin Bolqarıstanın sonuncu Çarı və sabiq Baş naziri Simeon Saks-Koburqunun (II Simeon) himayədarlığı ilə Sofiyada “Diplomatiya üçün incəsənət” təşəbbüsü çərçivəsində daha bir uğurlu layihə həyata keçirilib. Layihədə Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklər iştirak ediblər. Tədbirdə ölkəmizin də milli geyimləri nümayiş olunub. Dəfilədə səfirlik ölkəmizin aparıcı modelyerlərindən olan və Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın müəllifi olduğu “Qarabağ” Azərbaycan Milli Geyim kolleksiyasından olan geyim nümunələri ilə təmsil olunub.

Dəfilədə, həmçinin Azərbaycan milli kostyumları barədə məlumat verilərək bildirilib ki, Azərbaycan milli geyimlərinin üslub və xüsusiyyətləri əsrlər boyu inkişaf etmiş və bədii zövq, biçim, rəng, dini simvolizm, milli ənənələr və s. geyimlərə təsir göstərib. Azərbaycan milli geyimləri bir neçə mərhələdə formalaşıb. Hər bir mərhələ dəyişən zövqlərə və yaşayış şərtlərinə uyğun olaraq daha da inkişaf etmiş və eyni zamanda milli geyimin köklərinə sadiq qalıb. Milli geyimlər Azərbaycanda Səfəvilər hakimiyyəti dövründə (1501-1722) ilk xüsusiyyətlərini qazanıb və xanlıqlar dövründə bölgələrə görə daha kəskin şəkildə fərqlənib. Dünyada olduğu kimi, Azərbaycanda da tarix və coğrafiya geyimlərin forma və rəngini müəyyənləşdirib. Geyimlər, ilk növbədə, cəmiyyətdəki dəyişiklikləri əks etdirib və qədim zamanlardan bəri mövcud sadə geyim formaları tədricən daha mürəkkəb biçimlərlə əvəz olunub.

Dəfilədə milli geyimlərimizi nümayiş edən Bolqarıstanın Teatr və Kino Sənəti üzrə Milli Akademiyasının tələbələri Azərbaycan milli musiqisinin sədaları altında səhnəyə çıxıb və auditoriya tərəfindən böyük heyranlıqla qarşılanıb.

Layihə çərçivəsində, həmçinin mili geyim barədə məlumatlar və fotoşəkillərdən ibarət broşürlər çap olunub.

Qeyd edək ki, səfirlik ötən il də “Diplomatiya üçün incəsənət” layihəsində iştirak edərək Qarabağ xalçaçılıq məktəbinin nümunəsi olan “Çələbi” xalçası ilə təmsil olunub və ölkəmizin çoxəsrlik xalçaçılıq ənənələrini təbliğ edib. “Çələbi” xalçası və Bolqarıstan xalçaçılıq nümunəsindən ibarət fotokollaj şəhərin əsas meydanında - Bolqarıstan Elmlər Akademiyasının yanında qurulmuş və indiyədək orada qalmaqdadır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.