CƏMİYYƏT


Qarabağ Dirçəliş Fondu ilə “Caspian Event Organisers” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Qarabağ Dirçəliş Fondu ilə “Caspian Event Organisers” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, Memorandumu “Caspian Event Organisers”in (CEO) direktoru Fərid Məmmədov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.

Anlaşma Memorandumuna əsasən, 2021-ci il oktyabrın 20-22-də Bakı Ekspo Mərkəzində keçiriləcək Birinci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisində Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə töhfə vermək məqsədilə CEO sərgidə iştirak edəcək şəxslərin ödəyəcəyi hər qeydiyyat haqqından müəyyən hissəni Qarabağ Dirçəliş Fonduna ianə edəcək.

Bundan başqa, CEO ictimaiyyət arasında ianəçilik mədəniyyətinin təbliği məqsədilə Fond haqqında məlumatları sərgi barədə kataloqda, qəzetdə, bukletlərdə, flayerlərdə, roll-aplarda və digər çap materiallarında, veb-saytlarda, xəbərlərdə, sərgi zamanı, sərgidən əvvəl və sonra keçiriləcək təqdimatlarda yerləşdirəcək.

Memorandumun şərtlərinə uyğun olaraq, CEO tərəfindən Birinci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisi çərçivəsində QDF-in təşəbbüsləri dəstəklənəcək. Qarabağ Dirçəliş Fondu isə öz növbəsində sərginin keçirilməsində CEO-ya təşkilati dəstək göstərməyi, ona müraciət etmiş və sərgidə iştirak etmək istəyən şəxsləri CEO-ya yönəltməyi öhdəsinə götürür.

Bu Anlaşma Memorandumunun imzalanmasının CEO üçün böyük əhəmiyyət kəsb etdiyini bildirən Fərid Məmmədov hər kəsin işğaldan azad edilən ərazilərin bərpası, yenidən qurulması və dirçəlişi prosesində iştirak etməsinin önəmini vurğulayıb.

Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev bu nəcib təşəbbüsə görə təşəkkürünü bildirərək, yaşadığı yerdən asılı olmayaraq, hər bir soydaşımızı Qarabağın dirçəlişi prosesində fəal iştirak etməyə çağırıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.