SİYASƏT
“Qarabağ” Fondu Azərbaycanı olduğu kimi göstərməyə çalışır VİDEO
Bakı, 2 noyabr (AZƏRTAC). Artıq dörd ildir ki, ABŞ-da “Qarabağ” Fondu fəaliyyət göstərir. Təşkilatın məqsədi amerikalıları Azərbaycan, xüsusən onun Qarabağ regionu ilə tanış etmək, xalqımızın mədəniyyətini və incəsənətini, adət-ənənələrini bu ölkədə təbliğ etməkdir. Bunun üçün Fond müxtəlif tədbirlər təşkil edir, çoxsaylı layihələr həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Üçüncü Bakı Beynəlxalq Forumunda iştirak edən “Qarabağ” Fondunun icraçı direktoru Diana Altman Koen jurnalistlərə müsahibəsində məlumat vermişdir.
D.A.Koen bildirmişdir ki, ötən il Fond çoxlu sayda layihə həyata keçirmiş, o cümlədən bir neçə mühüm sərgi təşkil etmişdir. O demişdir: “Təşkilat Azərbaycanın tarixinə, mədəniyyətinə və mətbəxinə həsr olunmuş bu sərgilərin köməyi ilə ölkəni olduğu kimi göstərməyə çalışır. Bununla Fond Azərbaycanı hərtərəfli dəstəklədiyini nümayiş etdirir.
D.Altman onu da bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, mahiyyəti və ədalətli həlli yolları barədə amerikalıları məlumatlandırmaq məqsədi daşıyan tədbirlərin təşkil edilməsi “Qarabağ” Fondunun fəaliyyət istiqamətlərindən biridir.