SİYASƏT
Qarabağ Fondu Vaşinqtonda “Mənim Qarabağım” adlı fotosərgi təşkil edəcəkdir
Bakı, 15 oktyabr (AZƏRTAC). ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu Vaşinqton şəhərində növbəti tədbirini keçirməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, oktyabrın 17-18-də Fond Vaşinqton şəhərinin ən nüfuzlu sərgi salonu sayılan Gallery Centerdə “Mənim Qarabağım” adlı fotosərgi keçirəcəkdir. Sərgidə Qarabağın işğalından əvvəl müxtəlif fotoqraflar tərəfindən çəkilmiş 100-ə yaxın fotoşəkil sərgilənəcəkdir.
Daha sonra eyniadlı sərgi digər mötəbər sərgi salonu Honfleur Galleridə oktyabrın 30-dək keçiriləcəkdir. Bu sərgilərə Vaşinqton şəhərinin tanınmış sənətşünasları, incəsənət xadimləri, siyasətçilər, Azərbaycan və türk icmasının nümayəndələri dəvət olunmuşlar.
Qarabağ Fondu 2009-cu ilin noyabrında ABŞ-da yaradılmışdır və qeyri-hökumət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycanı, onun Qarabağ bölgəsini və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini bu ölkədə tərənnüm və təbliğ etməkdən ibarətdir. Qarabağ Fondu bu məqsədlə müxtəlif sərgilər, ictimai proqramlar, forumlar keçirir, kitabların nəşrini, mübadilə proqramlarının həyata keçirilməsini təşkil edir.