Qarabağ İqtisadi rayonunda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları Azərbaycan Konstitusiyası ilə tənzimlənəcək
AzerTAg.az

Bakı, 22 may, AZƏRTAC
Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında keçirilən görüş çox əhəmiyyətli nəticələrlə yadda qaldı. Ötən il Praqada “Avropa siyasi birliyi”nin təsis toplantısı çərçivəsində keçirilən görüşdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təsdiqlənmişdi. Brüsseldə baş tutan növbəti diplomatik raundda isə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi rəqəmlər ifadəsində rəsmən İrəvan tərəfindən tanındı. Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan İslandiyada keçirilən Avropa Şurası Sammitində bəyan etdi ki, Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazi bütövlüyünü, Bakı isə öz növbəsində Ermənistanın 29,8 min kvadratkilometrlik ərazi bütövlüyünü tanıyır. Bununla Nikol Paşinyan faktiki olaraq “Qarabağ Azərbaycandır!” dedi, çünki ölkəmizin 86,6 min kvadratkilometr ərazisinə təbii olaraq Qarabağ da daxildir. Qarabağ İqtisadi rayonunda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları isə Azərbaycan Respublikasının Konstitusiyası ilə tənzimlənəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov söyləyib.
“Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun əldə etdiyi Zəfərin artıq siyasi və hüquqi baxımdan təsdiqlənməsi - Ermənistan rəhbərliyinin faktiki olaraq Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi və Qarabağ da daxil olmaqla ərazi bütövlüyümüzü tanıması Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasətinin nəticəsidir.
Digər tərəfdən Ermənistanın Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək məcburiyyətində qalmasına görə özünü “ermənidən çox erməni” kimi göstərən, revanşizm ideyaları haqqında düşünən qüvvələrə hərbi və siyasi dəstək verərək regionu yeni müharibəyə təhrik edən Fransa və digər ölkələr də bundan çəkinməlidirlər”, - deyə politoloq qeyd edib.
Xəbərin mətnində orfoqrafik səhv var