REGİONLAR
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
Ağcabədi, 18 sentyabr, AZƏRTAC
Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 134 illiyi və 18 sentyabr - Milli Musiqi Günü Ağcabədidə təntənə ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri, böyük bəstəkarın musiqisinin pərəstişkarları Üzeyir Hacıbəylinin Qarabağ Muğam Mərkəzinin həyətindəki büstünü ziyarət edib, önünə çiçək dəstələri düzüblər.
Sonra Qarabağ Muğam Mərkəzində dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Milli Musiqi Günü münasibətilə Ağcabədi Şəhər Uşaq İncəsənət Məktəbində də tədbir keçirilib. İştirakçılar Üzeyir Hacıbəylinin İncəsənət məktəbinin qarşısında yerləşən abidəsi önünə tər çiçəklər düzərək dahi bəstəkarın xatirəsini yad ediblər.
Tədbirdə çıxış edənlər Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi xəzinəsinə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, mədəniyyət tariximizdə xüsusi yeri olan dahi bəstəkar, həm də musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim idi.
Bayram tədbirində dahi bəstəkarın “Arşın mal alan” operettasından və “O olmasın, bu olsun” musiqili komediyasından səhnələr göstərilib, mahnı və romanslar ifa olunub. Konsert proqramı tamaşaçılarda xoş ovqat yaradıb.
Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində “Üzeyir Hacıbəyli günləri” sentyabrın sonunadək davam edəcək.