ELM VƏ TƏHSİL


Qarabağ Simpoziumu keçirilib

Bakı, 5 dekabr, AZƏRTAC

Qarabağın 30 illik erməni işğalından azad edilməsi ilə əlaqədar olaraq Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının, İstanbul Universitetinin İDEAL Hüquq Klubunun və Hüquqi Araşdırmalar Klubunun təşkilatçılığı ilə BDU-nun, İstanbul və Ankara universitetlərinin hüquq fakültələri tərəfindən Qarabağ Simpoziumu keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev məlumat verib.

Tədbirin açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev, İstanbul Universiteti Hüquq fakültəsinin dekanı, professor Ömer Ekmekçi, Ankara Universiteti Hüquq fakültəsinin dekanı, professor Muharrem Özən, BDU-nun Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının Hüquq fakültəsi üzrə sədri Firavan Əlizadə, İstanbul Universiteti Hüquqi Araşdırmalar Klubunun sədri Bilal Tarık Duman və İDEAL Hüquq Klubunun sədri Abdulsamet Karaarslan çıxış edərək Azərbaycan-Türkiyə dostluq münasibətlərindən, simpoziumun keçirilməsinin əhəmiyyətindən danışıb, konfransın gedişinə uğurlar arzulayıblar.

Simpozium üç sessiyada təşkil edilib və “YouTube”da canlı yayımlanıb.

İlk sessiya professor Fethi Gediklinin moderatorluğu ilə keçirilib. O, “XIX əsrin əvvəllərində Qarabağ probleminin yaranması” mövzusunda, dosent Boran Əziz isə “Sovetlər dövründə Qarabağ tarixi” mövzusunda çıxış edib.

İkinci sessiya professor Əmir Əliyevin moderatorluğu ilə baş tutub. Sessiya ərzində professor Əmir Əliyev “Ermənistanın törətdiyi beynəlxalq cinayətlər və beynəlxalq hüquqi məsuliyyət məsələləri” mövzusunda, dosent Ülkü Halatçı Ulusoy “Qarabağın işğalı dövrü - insan hüquqlarının pozulması” mövzusunda, hüquq üzrə fəlsəfə doktoru, dosent Aytəkin İbrahimova və hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayeva “İnsan hüquqları kontekstində Azərbaycan-Ermənistan münaqişəsi” mövzusunda mühazirə ediblər.

Üçüncü sessiya professor Cüneyt Yüksəlin moderatorluğu ilə keçirilib.

Son sessiyada dosent Cavid Adullazadənin “Müharibə hüququnda tərəflərin öhdəlikləri” mövzusunda, professor Cüneyt Yüksəlin “Atəşkəs razılaşmasının beynəlxalq hüquqi qiymətləndirilməsi” mövzusunda, professor İbrahim Kayanın “Minsk qrupu və beynəlxalq vasitəçilik” mövzusunda çıxışları dinlənilib.

Simpoziumda hər üç universitetin hüquq fakültəsi və qeyri-hüquq fakültəsi tələbələrinin iştirakı təmin olunub, hər sessiya dinləyicilərin suallarının cavablandırılması ilə yekunlaşıb.

Tədbirin sonunda iki dövlət arasında hüquq elmi və təhsili sahəsində əməkdaşlıq münasibətlərinin inkişafı perspektivləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.