İDMAN
“Qarabağ” “Sumqayıt”ı məğlub edərək “Neftçi” ilə xallarını bərabərləşdirib
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da Azərbaycan Premyer Liqasının XVI turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci matçında son çempion “Qarabağ” səfərdə “Sumqayıt” klubunun qonağı olub.
Görüş ağdamlıların 0:2 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ”ın heyətində Filip Ozoviç (20) və Bədavi Hüseynov (81) fərqləniblər. Bu qələbə sayəsində Ağdam təmsilçisi xalların sayını 34-ə çatdıraraq turnir cədvəlindəki əsas rəqibi “Neftçi” ilə xallarını bərabərləşdirib. “Sumqayıt” isə 15 xalla 6-cı yerdə qərarlaşıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu görüşdə Qara Qarayev və Mahir Mədətovun xidmətindən yararlana bilməyib. Qarayev ötən tur “Neftçi” ilə matçda qırmızı vərəqə alıb, Mədətov isə həmin görüşdə 4-cü sarı vərəqəsini alaraq cəzalı vəziyyətə düşüb.
“Sumqayıt” 13 oyundur ki, “Qarabağ”ı məğlub edə bilmir. Ardıcıl üç qələbə qazanan Ağdam təmsilçisi son 13 matçda meydanı qolsuz tərk etməyib. Komandalar çempionatda indiyədək 26 dəfə qarşılaşıblar. Bu oyunların 19-da “Qarabağ” qələbə qazanıb. Dörd oyunda “Sumqayıt” meydanı üç xalla tərk edib, üç görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də “Qarabağ”ın üstünlüyü var - 54:12.
Xatırladaq ki, tura “Sabah” – “Qəbələ” oyunu ilə start verilmişdi. Həmin görüş qəbələlilərin minimal hesablı qələbəsi ilə başa çatmışdı (0:1).
Turun digər iki qarşılaşması fevralın 10-da keçiriləcək. Günün ilk oyunu saat 14:00-da “Bakcell Arena”da başlayacaq. Meydan sahibi “Neftçi” “Keşlə” ilə qarşılaşacaq. Matçı İnqilab Məmmədov idarə edəcək.
Turun sonuncu qarşılaşması isə “Səbail” və “Zirə” komandaları arasında olacaq. Saat 16:30-da başlayacaq qarşılaşmanın idarə olunması Əliyar Ağayevə tapşırılıb. Oyun “Bayıl Arena”da keçiriləcək.