İDMAN
“Qarabağ” - “Şerif” oyunun biletləri satışa çıxarılıb
Bakı, 22 avqust, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının play-off mərhələsinin cavab görüşündə Moldovanın “Şerif” komandası ilə avqustun 30-da Bakıda keçirəcəyi oyunun biletləri satışa çıxarılıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VIP biletlər isə alıcılara 50 manata təklif olunur.
Biletlərin “qara bazar”a çıxarılmasının qarşısının alınması üçün onları ilkin mərhələdə iki satış məntəqəsindən - “Qarabağ” futbol klubunun fan-mağazalarından və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, həmçinin “iticket.az” saytından əldə etmək mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Ətraflı məlumatla iticket.az saytından tanış olmaq mümkündür.
Qeyd edək ki, avqustun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçı saat 21:00-da start götürəcək.
İlk görüş isə avqustun 23-də Tiraspoldakı “Şerif” idman kompleksinin stadionunda oynanılacaq.