MƏDƏNİYYƏT
“Qarabağ – mədəniyyətimizin beşiyi”: Xudafərin körpüləri
Bakı, 7 oktyabr, AZƏRTAC
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihəyə davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti material Xudafərin körpülərinə həsr edilib.
Cəbrayıl rayonunun ərazisində Araz çayının şimal və cənub sahillərini birləşdirən iki Xudafərin körpüsü var. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı Xudafərin (inv. 12) XI-XII əsrlərdə, 15 tağlı Xudafərin (inv. 13) körpüsü isə XIII əsrdə inşa olunmuşdur.
1993-cü ildə Cəbrayıl rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalmışdır.
Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl şəhəri və rayonun bir neçə kəndini 4 oktyabr 2020-ci ildə erməni işğalından azad edib.
Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.