İDMAN


Qarabağ atları britaniyalıların qəlbini fəth edib

Bakı, 16 may, AZƏRTAC

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” mayın 12-də start götürüb. 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı bu beynəlxalq atçılıq şousu qədim və unikal mədəniyyətimizin tanıdılması üçün son dərəcə əhəmiyyətli platformaya çevrilib, nümayəndə heyətimizin hər il nümayiş etdirdiyi bənzərsiz şou-proqramlar və performanslar bu möhtəşəm tədbirin ayrılmaz hissəsi kimi qəbul edilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, milli sərvətimiz olan Qarabağ atlarının qorunub saxlanılmasına və məşhurlaşdırılmasına Azərbaycan Prezidenti İlham Əliyevin ali dəstəyi sayəsində son illər ərzində mili at cinslərimizin Azərbaycan brendi kimi dünyada tanıdılması istiqamətində əhəmiyyətli işlər görülür. Bu tədbirlər sırasında “Vindzor Kral Atçılıq Şousu”nda Qarabağ atlarının füsunkar gözəlliyinin nümayiş etdirilməsi xüsusi yer tutur.

Bu il keçirilən “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizi növbəti dəfə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib, artıq ənənəvi olaraq çıxışları ilə hər kəsi valeh etməyi, hər bir tamaşaçını heyrətləndirməyi bacarıblar. Təmsilçilərimizin milli geyimlərimizdə çıxışları xüsusilə fərqlənib, çoxsaylı tamaşaçı kütləsinin xüsusi rəğbətini qazanıb.

Cari ildə Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümünə həsr olunmuş bu tədbir üçün nümayəndə heyətimiz tərəfindən xüsusi olaraq “Odlar Yurdu” adlı şou-kompozisiya hazırlanıb. Azərbaycan xalqının çoxsaylı maddi və mənəvi sərvətlərini ifadə edən bu kompozisiyanın əsasını artıq Vindzor tamaşaçılarına çox yaxşı tanış olan, burada özünə heyranlar ordusu qazanıb, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimiz təşkil edib.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış şou-kompozisiyanın quruluşçu rejissoru – Azərbaycanın Əməkdar artisti Nicat Kazımov, xoreoqrafı – Əməkdar artist Fərid İbrahimovdur.

Milli musiqi alətlərimiz tütək, zurna, balabanda ifa olunan “Qarabağ cəngisi”nin bənzərsiz sədalarından, “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, alov püskürənlərin qeyri-adi perfomanslarından ibarət şou-kompozisiya Böyük Britaniya tamaşaçısını sözün əsl mənasında ovsunlayıb. Altı dəqiqə davam edən şou müddətində süvarilərimizin başları üzərində Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaları diqqəti xüsusi cəlb edib.

Şou-proqram tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb, böyük tamaşaçı kütləsinin zövqünü oxşayıb, tamaşaçılar ayağa qalxaraq təmsilçilərimizi sürəklə alqışlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.