REGİONLAR


Qarabağ bölgəsində buraxılış imtahanları uğurla başa çatıb

Bərdə, 14 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 14-də qurumun Bərdə regional bölməsinin əhatə etdiyi Bərdə, Ağdam, Tərtər və Yevlax rayonlarında orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanı uğurla başa çatıb.

DİM-in Bərdə regional bölməsinin müdiri Elton Süleymanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün ümumilikdə 9 imtahan mərkəzi ayrılıb. İmtahanlarda Bərdə rayonu üzrə 1512, Ağdam rayonu üzrə 657, Tərtər rayonu üzrə 673, Yevlax rayonu üzrə 1062 nəfər şagirdin iştirakı nəzərdə tutulub. İmtahanlar bu rayonlarda 9 ümumi imtahan rəhbəri, 27 imtahan rəhbəri, 323 nəzarətçi‑müəllim tərəfindən idarə olunub.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilib. Üç saat davam edən imtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.

Təhlükəsizliyin təminatı məqsədilə imtahanların keçirildiyi binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.