REGİONLAR
Qarabağ bölgəsində qəbul imtahanları 6 binada təşkil olunub
Ağdam, 10 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 10-da əvvəlki illərin məzunları üçün Bərdə regional bölməsinin əhatə etdiyi Ağdam, Ağcabədi, Beyləqan, Füzuli və Tərtər rayonlarında keçirdiyi qəbul imtahanları başa çatıb.
Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsinin müdiri Eltun Süleymanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanlar bu rayonlarda ümumilikdə 6 binada keçirilib. İmtahanlarda Ağdam rayonu üzrə 257, Ağcabədi rayonu üzrə 419, Beyləqan rayonu üzrə 234, Füzuli rayonu üzrə 202, Tərtər rayonu üzrə 228 nəfər məzunun iştirakı nəzərdə tutulub. İmtahanların təşkil edilməsi üçün bu rayonlarda 19 imtahan rəhbəri, 148 nəzarətçi müəllim ayrılıb.
Pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. Binalara buraxılış növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilib. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İmtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.