REGİONLAR
Qarabağ dağlarından axan sular Muğan düzünün torpaqlarını canlandıracaq VİDEO
İmişli, 12 mart, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində torpaqlarımız kimi çay hövzələrimizin də azad edilməsi Araz çayında suyun artımına yol açıb. Muğan düzünün suvarılmasında əhəmiyyətli rola malik olan Bəhrəmtəpə hidroqovşağında suyun səviyyəsinin kifayət qədər olması suvarma kanallarına lazımi səviyyədə su ötürülmləsinə imkan yaradacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin Muğan düzündə yerləşən bir neçə rayonun suvarılması üçün daşıyıcı kanallar məhz Bəhrəmtəpə hidroqovşağından ayrılır. 1958-ci ildən fəaliyyət göstərən qovşaq vasitəsilə İmişli və ətraf rayonaların əkin sahələri suvarılır. Hidroqovşağın əsas su mənbəyi Araz çayı və Yuxarı Qarabağ kanalıdır. Buradan ayrılan Baş Muğan kanalı vasitəsilə İmişli, Saatlı, Sabirabad rayonlarına su ötürülür. Həmçinin Cənub Muğan kanalı Biləsuvar və Cəlilabadla yanaşı, Cəbrayıl rayon sakinlərinin məskunlaşdığı ərazidə əkin sahələrinin də suvarılmasına xidmət edir. Araz çayının yeni qolundan ayrılan Orta Muğan kanalı isə 34 min hektar əkin sahəsinin suvarılmasında mühüm rol oynayır.
Vətən müharibəsi dövründə Suqovuşan su anbarının və Araz çayı hövzəsinin, eyni zamanda, bir çox dağ çaylarının düşməndən azad edilməsi ölkədə suvarma işlərinə öz müsbət təsirini göstərəcək.
Bəhrəmtəpə Hidroqovşaq İstismarı İdarəsinin baş mühəndisi Abbas Fərzəliyev bildirib ki, idarənin balansında 182 kilometrlik magistral kanal və 250-dən çox hidroqurğu var. Suvarma işlərinin vaxtında və keyfiyyətli aparılması üçün təkcə ötən il 44 ədəd hidroqurğu və 75-ə yaxın hidropost təmir olunub. Bundan başqa, 28,6 kilometr beton kanalın üzlüyündə təmir işləri aparılıb.
Torpaq kanalların lildən təmizlənməsi işləri də görülüb. Cənub Muğan kanalı üzərində 4 qaldırıcı qurğu əsaslı təmir edilib, həmçinin 1 qurğu yenidən inşa olunaraq istifadəyə verilib. Görülən bu işlər sayəsində Cənub Muğan kanalının sahili boyunca 8960 hektar sahədə suvarma işləri daha da yaxşılaşıb.
Cənub Muğan kanalının sahilində yerləşən əkin sahələrində fermer təsərrüfatı ilə məşğul olan rayon sakini Şahlar Ağayev deyir ki, kanal üzərində qurulan səviyyə qaldırıcılar hesabına təkcə Aranlı kəndi ərazisində 286 hektar sahəsinin suvarılması daha da yaxşılaşıb. Bundan başqa, yeni inşa edilən körpü əkin sahələrinə gediş-gəlişi də rahatlaşdırıb. Suvarmanın yaxşılaşması isə bol məhsul əldə etmək üçün fermerlərə gözəl imkan yaradır.
Qeyd edək ki, Bəhrəmtəpə hidroqovşağı əsas və köməkçi suötürücülərdən ibarətdir. Qovşaq Araz çayı və Yuxarı Qarabağ kanallarından götürdüyü su hesabına 2800 kubmetr suötürmə qabiliyyətinə malikdir. Hazırda hidqorvşaqdan 109 kubmetr su ötürülür ki, bu da suvarma kanallarının təminatına kifayət edir.