CƏMİYYƏT
Qarabağ əhalisinin etno-demoqrafik dinamikasına dair hesabat hazırlanıb
Bakı, 26 yanvar, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ əhalisinin etno-demoqrafik təkamülü: inkişaf mərhələləri” adlı hesabat hazırlanıb.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müəllifi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın demoqrafik və sosioloji trendlərin təhlili şöbəsinin rəhbəri Rüfət Əfəndiyev olan hesabatda bildirilir ki, ötən il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan münaqişəsi faktiki olaraq həll edilsə də, münaqişənin mövcud olduğu müddətdə erməni tarixçiləri etno-demoqrafik mövzuya müraciət edərək, özlərinin bu regionda “qədimdən” mövcud olduqlarını sübuta yetirməyə çalışıblar.
Müəllif, həmçinin bildirir ki, bu müddətdə azərbaycanlı tədqiqatçılar da münaqişənin sosial-siyasi aspektlərinin araşdırılmasına xüsusi diqqət ayırıblar. Sözügedən materialda bu məsələlər tarixi baxımdan nəzərdən keçirilib və XIX-XXI əsrlərdə, xüsusilə AXC və SSRİ dövründə, 1988-ci ildən sonra Qarabağın və ətraf ərazinin əhalisinin tərkibinin və strukturunun dəyişdirilməsinin etno-demoqrafik dinamikası öyrənilib. Hesabat ilkin olaraq rus dilində hazırlanıb.